7 iyul 2021-ci il, Bakı – “Azərbaycan Hava Yolları” aviaşirkəti Bakıdan Təl-Əvivə uçuşların sayını artırır.
Belə ki, 11 iyul tarixindən başlayaraq həftənin bazar günləri həyata keçiriləcək reyslərlə yanaşı, uçuş cədvəlinə 22 iyul tarixindən hər həftənin cümə axşamı günləri icra olunacaq daha bir reys əlavə ediləcəkdir.
Aviabiletlərin satışı aviaşirkətin www.azal.az rəsmi saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində həyata keçirilir.
Daşımaya yalnız mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, İsrail vətəndaşları aşağıdakı sənədləri təqdim etdikdə Azərbaycana səyahət edə bilərlər:
– tam peyvənd olunmaları barədə sertifikat (COVID-19 pasportu) və ya xəstəlikdən sağalmaları barədə arayış;
– uçuşdan əvvəl 72 saat ərzində rəsmiləşdirilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsi barədə arayış.
18 yaşınadək İsrail vətəndaşları Azərbaycana hava nəqliyyatı ilə gəldikdə yalnız PCR testinin neqativ nəticəsi barədə arayış təqdim edə bilərlər. Bir yaşınadək uşaqlar üçün sertifikat və arayışın təqdim edilməsi tələb olunmur.
İsrailə səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları İsrail hökumətindən bu ölkənin ərazisinə giriş icazəsi almalıdılar.
Pandemiya dövründə İsrail ərazisinə giriş qaydaları ilə aviaşirkətin saytında aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: https://www.azal.az/az/information/covid-israel
Azərbaycanda COVID-19-a dair testdən keçə biləcəyiniz klinikaların siyahısı aviaşirkətin rəsmi saytında təqdim edilmişdir: https://www.azal.az/az/information/covid-clinics
Sərnişin Təl-Əvivdən Bakıya səyahət etdiyi zaman COVID-19-a dair testi dövlət tərəfindən akkreditə olunmuş istənilən klinika və ya laboratoriyada verə bilər. PCR testinin neqativ nəticəsi barədə arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması arzuediləndir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyət prosedurlarından daha sürətli keçməyə kömək edəcəkdir.
Qeyd olunan marşrutun sərnişinləri COVID-19-a dair testin nəticəsinin uçuşdan əvvəl 72 saat ərzində etibarlı olduğundan əmin olmalıdırlar.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti